Tehranda “Hücum Altında Beynəlxalq Hüquq: Təcavüz və Müdafiə” adlı beynəlxalq konfransın keçirilməsi və bu konfransın dörd əsas istiqaməti — “Mühafizə altında olan beynəlxalq hüquq: qanun əsaslı nizamdan qayda əsaslı nizama keçid”, “Diplomatiyaya xəyanət: ABŞ və İsrailin İrana qarşı təcavüzü”, “Nüvə silahlarının yayılmamasının təhlükə altında olması: tendensiyalar və dominant diskurslar” və “Regional təhlükəsizlik düzəninin yenidən nəzərdən keçirilməsi: əsas elementlər və həlledici amillər” — bir daha ənənəvi beynəlxalq hüquqi nizamın zəifləməsi və icra təminatının gücləndirilməsi mərkəzində duran yeni hüquqi nizamın zərurətini gündəmə gətirdi.

Əgər beynəlxalq hüququn əsas sütunları kimi beynəlxalq insan hüquqları, humanitar hüquq, cinayət hüququ, ətraf mühit hüququ və ticarət hüququnu 5 əsas sütun qəbul etsək, son yetmiş ilin, xüsusilə isə son illərin hadisələri göstərir ki, BMT Nizamnaməsindən qaynaqlanan beynəlxalq hüquqi nizam ciddi şəkildə zəifləyir və tənəzzül edir.

Beynəlxalq insan hüquqları sistemi, 1948-ci il Bəşəri Hüquqlar Ümumdünya Bəyannaməsi və 1966-cı il paktlarının məqsədi olan sülh, bərabərlik və ayrı-seçkiliyin aradan qaldırılması prinsiplərinə baxmayaraq, bu gün ikiqat standartlar, xüsusilə insan hüquqları və terrorizm sahəsindəki ikili yanaşmalar, siyasi təzyiq vasitəsi kimi ədalətsiz sanksiyaların tətbiqi, qlobal Şimal–Cənub uçurumu, ABŞ və Böyük Britaniya kimi Qərb dövlətlərində davam edən sistemli irqi ayrı-seçkilik səbəbindən ən zəif vəziyyətindədir.
Myanma, Sudan, Qafqaz, Ukrayna, Hindistan, Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə və digər ölkələrdə azlıqların dil, din, mədəniyyət və mövcudluq hüquqlarının pozulması göstərdi ki, 1992-ci il BMT-nin azlıqların hüquqlarına dair Bəyannaməsi kimi qabaqcıl hüquqi sənədlər belə icra təminatından məhrumdur.

Beynəlxalq humanitar hüquq — müharibədən sonrakı dövrün ən mühüm hüquqi dayaqlarından biri — son illərdə ən çox pozulan sahələrdən olmuşdur. Son beş ildə baş verən hadisələr, o cümlədən ABŞ və İsrailin İrana 12 günlük hərbi hücumu və İranın sülhməramlı nüvə obyektlərini müdafiə etməkdə Nüvə Qoruyucu Sisteminin aciz qalması, Ukrayna müharibəsi, 2023 oktyabrından sonra Qəzzada fələstinlilərə qarşı soyqırımı, Sudandakı faciələr və Venesuela hadisələri göstərdi ki, Haaqa və Cenevrə hüququ da daxil olmaqla beynəlxalq humanitar hüququn sütunları, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları və onların əlavə protokolları çökməkdədir.
Əslində Təhlükəsizlik Şurasının siyasi girovluğa çevrilməsi və BMT-nin ideallarından uzaqlaşması, soyqırımların, işğalçı müharibələrin, xəstəxanaların dağıdılması, uşaqların qətli və aclıq yolu ilə kütləvi məhv kimi hərəkətlərin qarşısını almaqda hüquqi sistemin aciz olduğunu göstərir.

Beynəlxalq cinayət hüququ da, Roma Statutunun qəbulundan (1998) və Beynəlxalq Cinayət Məhkəməsinin 2002-ci ildə fəaliyyətə başlamasından sonra cəzasızlıqla mübarizə ümidlərini artırmış olsa da, böyük güclərin siyasi manipulyasiyası səbəbindən səmərəli nəticə verə bilməmişdir.
Bəzi cinayətkar rejimlərin məhkəmənin yurisdiksiyasından yayınmasını təmin edən “toxunulmazlıq”dan sui-istifadə, habelə məhkəmənin fəaliyyətinin əsasən Afrika ölkələri ilə məhdudlaşması, bu sahədəki ikili standartları bir daha üzə çıxarmışdır. Sionist Israil rejimini Baş naziri və müdafiə nazirinə qarşı verilmiş təcili həbs qərarlarının belə ABŞ və Böyük Britaniyanın birtərəfli hüquqpozucu siyasətləri nəticəsində icra edilməməsi bu acizliyin göstəricisidir.

Beynəlxalq ətraf mühit hüququ, Stokholm (1972) və Rio (1992) konfranslarından sonra “ümumi, lakin fərqli məsuliyyət”, “ətraf mühitə zərər vurma qadağası”, “çirkləndirici ödəyər” və “ehtiyat tədbirləri” kimi prinsipləri beynəlxalq adət hüququna daxil etməsinə baxmayaraq, ən zəif icra təminatına malik sahələrdən biridir. Böyük güclərin iqlim dəyişikliyi ilə mübarizə üzrə öhdəlikləri qəbul etməməsi, ozon qatının qorunması və dənizlərin neft çirklənməsinin qarşısını almaqdan yayınması, habelə ətraf mühit cinayətlərinin kriminalizasiya edilməsinə qarşı çıxması bu sahəni ciddi şəkildə zəiflətdi.

Beynəlxalq ticarət hüququ sahəsində isə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun fəaliyyəti, Bretton-Vuds razılaşmasından sonra ABŞ dollarının beynəlxalq ticarətdəki hegemoniyasını daha da möhkəmləndirmişdir. Dolların ABŞ tərəfindən siyasi təzyiq alətinə çevrilməsi səbəbindən sanksiyalara məruz qalan ölkələrin “dollarlaşmadan çıxma” təşəbbüsləri çərçivəsində BRİKS və Şanxay kimi blokların genişlənməsi təbii nəticə olmuşdur.

Mövcud beynəlxalq hüququn acizliyi bir daha onu göstərir ki, tənqidçilərin dediyi kimi, beynəlxalq hüquq çox hallarda “məcəbur edən hüquqi sistem” deyil, icra təminatı olmayan “moral normalar toplusu” təsiri bağışlayır.
Qərb mərkəzli liberal nizamın insan və cəmiyyət ehtiyaclarına cavab verə bilməməsi, yeni bir hüquqi düzənin zərurətini gündəmə gətirir. Bu yolda öncüllük etməli olanlar isə tarixi, sülhpərvərliyi, humanizmi, ədalətpərvərliyi və anti-təcavüz mövqeyi ilə seçilən ölkələrdir.

Ən qədim sivilizasiyalardan biri olan İran, iki böyük hüquqi-sivilizasiya sütununa sahib olduğu üçün yeni beynəlxalq hüquqi nizamın formalaşdırılmasında aparıcı rol oynaya bilər: Birinci sütun — İranın qədim insan hüquqları ənənəsi və 2500 illik tarixi olan Böyük Kir (Kuruş) Fərmanı;
İkinci sütun — İslam və şiə mədəniyyəti əsasında formalaşmış ədalət və hüquq təlimləri, xüsusilə İmam Əlinin “Nəhcül-bəlağə”də təcəssüm edən ədalətli idarəçilik modeli.

Tehran Dialoq Forumu və “Hücum Altında Beynəlxalq Hüquq: Təcavüz və Müdafiə” konfransının Xarici İşlər Nazirliyinin Beynəlxalq Araşdırmalar Ofisi tərəfindən keçirilməsi, qədim sivilizasiyaların hüquqi irsinin, həmfikir və müstəqil aktorların əməkdaşlığının yeni hüquqi nizamın formalaşmasında mühüm rol oynaya biləcəyini göstərir.

  • *Beynəlxalq hüquq üzrə professor Dr. Əhməd Kazemi